91-lər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Heydər Əliyevin 1997-ci ildə 91-lərlə görüşü

"91-lər" — 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalı.[1]

Müraciətin məzmunu

[redaktə | mənbəni redaktə et]

1992-ci il, 16 oktyabr tarixində Ziyalıların Heydər Əliyevə müraciəti "SƏS" qəzetinin 43-cü (72) buraxılışında "Azərbaycan Sizin sözünüzü gözləyir" başlığı ilə dərc edilmişdi.[2] Bu müraciətin əvvəlində Azərbaycan Respublikasındakı mövcud vəziyyətə, onun baş vermə səbəbinə ümumi nəzər salınırdıː

" Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir. Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi odur ki, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır. İqtidarın idarəetmə səriştəsi, təcrübəsi, bacarığı olmayanda zora əl atması təbiidir. Qəribə burasındadır ki, prezidentdən tutmuş respublikanın müxtəlif vəzifəli şəxsləri dəfələrlə öz müsahibələrində bildiriblər ki, artıq hakimiyyəti bizim əlimizdən heç kəs ala bilməz, çünki ordu və polis bizə xidmət edir".[2] "

Daha sonra müraciətdə vəziyyətin doğurduğu digər fəsadlar — "respublikanın olan-qalan iqtisadi potensialının sürətlə dağılması, təbii sərvətlərimizin talan edilməsi", "vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı — yüksək ixtisaslı kadrların tərk etməsi" barədə məlumat verilir. Ən əsası da bu müraciətdə "Xalqımıza qarşı törədilən ən dəhşətli cinayətləri — 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlərin cəzasız qalması" xüsusi olaraq qeyd olunur və baş verən problemin həllinin güclü bir liderin iradəsinə bağlı olduğu vurğulanırdıː

" Axırı görüməyən, minlərlə insan ömrü aparan, saysız-hesabsız ailələri doğma yurdlarından didərgin salan Qarabağ fitnəkarlığı bir çoxları üçün siyasi oyunbazlığa, məqam, vəzifə qamarlamaq girəvəsinə, qazanc mənbəyinə dönübdür. Azərbaycanda “sürətli artım” ancaq yeni-yeni partiyaların və onların liderlərinin meydana çıxması sahəsindədir. Bu siyasi partiyaların sayı gündən-günə çoxalsa da, respublikada ictimai-siyasi həmrəylik yaratmaq yolunda əməli iş görülmür, siyasi vakuum mövcuddur. Çünki bu siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, ən müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur.[2] "

91-lər müraciətdə ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri Heydər Əliyevin simasında görərək belə bəyan edirdilərː

" Möhtərəm HEYDƏR BƏY! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər.[2] "

Müraciətin sonunda bu müraciətə minlərlə Azərbaycan vətəndaşının da məmnuniyyətlə qoşulmağa hazır olması, hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından edilməsi qeyd olunurdu. Son söz olaraq isə bildirilirdiː

" Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir.[2] "

Heydər Əliyev 91-lər haqqında

[redaktə | mənbəni redaktə et]

"91-lər"in müraciəti 16 oktyabr 1992-ci il tarixində "Səs" qəzetində çap olunmuşdur. Bu barədə Azərbaycanın sabiq prezidenti Heydər Əliyev Respublika sarayında keçirilən Yeni Azərbaycan partiyasının yaradılmasının 5-ci ildönümü münasibətilə keçirlən təntənəli yığıncaqda nitqində belə demişdir:

" 91-lərin mənə müraciətindən əvvəl - ondan bir xeyli vaxt əvvəl - Sirus Təbrizli böyük bir məqalə dərc etdirmişdi ki, biz Heydər Əliyevi Azərbaycana, Bakıya özümüz dəvət etməliyik. Mən o məqaləni də oxudum, onu çox hörmətlə qarşıladım, qəbul etdim. Ancaq o məqalə də mənim fikrimi dəyişmədi. Nəhayət, Azərbaycanda vəziyyətin get-gedə ağırlaşdığını, çətinləşdiyini görərkən və bu partiyanın yaranması ilə əlaqədar mənə müraciət edən ziyalıların, respublikanın tanınmış adamlarının - ölkəmiz, xalqımız, torpağımız üçün ürəyi həqiqətən yanan adamların iztirabını duyarkən, onların xalqımız, ölkəmiz üçün bir iş görmək arzusunu hiss edərkən mən tədricən belə bir partiyanın yaranmasına kömək etməyə razılığımı verdim. Sonra mənə 91-lərin müraciəti gəldi və mənim müraciətə mənim cavabım oldu. Bunlar hamısı o vaxt bizi yeganə müdafiə edən "Səs" qəzetində dərc olundu. Ondan sonra, noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması üçün təsis konfransı keçirildi.[3] "

Heydər Əliyev 26 noyabr 2002-ci ildə Yeni Azərbaycan Partiyasının 10 illik yubiley mərasimindəki çıxışında isə 91-lər barədə belə demişdir:

" 91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm. Bu gün də onların hamısına - dünyadan gedənlərə Allahdan rəhmət diləyirəm, indi bizimlə bərabər olanlara səmimi qəlbdən təşəkkür edirəm. Ona görə yox ki, 91-lərin müraciəti, - sizinlə açıq danışıram, - mənim həyatımda böyük bir dönüş rolu oynadı. Yox. Siz bilirsiniz ki, biz partiyanı yaradandan 7 ay sonra xalq, o cümlədən o vaxt iqtidarda olanlar, artıq qaçıb dağılmaqda olan insanlar məni Azərbaycana dəvət etməyə məcbur oldular.[4] "

91-lər Heydər Əliyevə müraciət ünvanlayarkən bəzi şəxslər bu müraciətə qoşulmaq istəməyib. Bu barədə məhz Heydər Əliyevin çıxışında dedikləri xüsusi maraq doğururː

" Partiyanın yaranma prosesini sona çatdıran 91-lərin mənə ünvanlanmış məktubudur. Mən bu 91 şəxsi çox yüksək qiymətləndirirəm, onların hamısına öz hörmət və ehtiramımı, xüsusi minnətdarlığımı və təşəkkürümü bildirirəm. 91-lərdən həyatını dəyişənlər var - Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Xəlil Xəlilov. Onların gördükləri işlər, xidmətlər bizim partiyanın və hər bir şəxsin, o cümlədən mənim qəlbimdə əbədi yaşayacaqdır. Allah onlara rəhmət eləsin. Mən bilirəm ki, onlar bəlkə də o vaxt bunu mənə deməmişdilər, amma bunu mən sonralar bildim. Bu 91-lər həqiqətən çox cəsarətli adamlar olmuşlar. Çünki bu məktubu hazırlayıb, bu məktubla həmrəy olmaq istəyən adamlarla danışıq aparanlar bəziləri ilə danışmışlar, görüşmüşlər, ancaq onlar həmin məktuba imza atmaqdan imtina etmişlər.[3] "
  1. Abbas Səmədov
  2. Adil Qasımov
  3. Ağababa Mahmudov
  4. Ağabəy Əsgərov
  5. Allahverdi Hacıyev
  6. Allahyar Hüseynov
  7. Ariz Abduləliyev
  8. Asif Cahangirov
  9. Aydın Əhmədzadə
  10. Eldar Abasov
  11. Eldar İbrahimov
  12. Ədalət Fərəcov
  13. Əjdər İsmayılov
  14. Əkbər Bayramov
  15. Əlfəddin Abdullayev
  16. Əli Əhmədov
  17. Əli İnsanov
  18. Əli Nağıyev
  19. Əli Nuriyev
  20. Əli Ömərov
  21. Əlişir Musayev
  22. Əmir Mərdanov
  23. Əsədulla Qurbanov
  24. Əziz Axundov
  25. Faiq Cəfərov (professor)
  26. Fəraməz Maqsudov
  27. Fikrət İsmayılov
  28. Fuad İsmayılov
  29. Georgi Savoskin
  30. Hacı Hacıyev
  31. Hacıbala Abutalıbov
  32. Heydər Hüseynov
  33. Həsən Quliyev
  34. Həsən Mirzəyev
  35. Hüsü Kərimov
  36. Xeyrəddin Qoca
  37. Xəlil Rza Ulutürk
  38. İbrahim Əzizov
  39. İbrahim İsayev
  40. İqrar Əliyev
  41. İsgəndər Quliyev
  42. Kərim Kərimov
  43. Kərim Kərimov
  44. Lalə Şövkət
  45. Liliya Luqovaya
  46. Lüdviq Muradov
  47. Maqsud Nəcəfov
  48. Məmməd Məmmədov
  49. Məmməd Məmmədov
  50. Məmməd Nəsirov
  51. Məmmədtağı Cəfərov
  52. Mixail Zabelin
  53. Mirzə Əsgərov
  54. Möhsün Möhsünov
  55. Munis Bayramov
  56. Murtuz Ələsgərov
  57. Musa Heydərov
  58. Musa İlyasov
  59. Mübariz Əhmədov
  60. Nəbi Əsgərov
  61. Nəzir Əhmədov
  62. Novruz Quliyev
  63. Ömər Eldarov
  64. Pənah Mahmudov
  65. Rafiq Əminzadə
  66. Rafiq Qasımov
  67. Rafiq Məmmədhəsənov
  68. Rəfael Allahverdiyev
  69. Rizvan Cəbiyev
  70. Sabir Hacıyev
  71. Sabir Xəlilov
  72. Səbir Dünyamalıyeva
  73. Səfiyar Musayev
  74. Səlahəddin Quliyev
  75. Sirus Təbrizli
  76. Sudeyf İmamverdiyev
  77. Şahlar Əsgərov
  78. Şəmistan Mikayılov
  79. Tahir Məmmədov
  80. Tələt Qayıbov
  81. Tofiq Hüseynov
  82. Vidadi Acalov
  83. Vilayət Əliyev
  84. Vüqar İsmayılov
  85. Vüqar Rəhimzadə
  86. Zahid Xəlilov
  87. Zahid Qaralov
  88. Zakir Sərdarov
  89. Zeynəb Xanlarova
  90. Ziya Bünyadov
  91. Ziya Paşa
  1. "Heydər Əliyevi hakimiyyətə çağıran "91-lər": məşhur müraciətdən 20 il keçir - SİYAHI (İstifadə tarixiː 17.04.2018, 16:12)". 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-17.
  2. 1 2 3 4 5 "Azərbaycan Sizin sözünüzü gözləyir. "Səs" qəzeti, 1992, 16 oktyabr, № 43 (72)". 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-17.
  3. 1 2 "Əliyev H. Müstəqilliyimiz əbədidir. 13-cü kitab - oktyabr, 1997 - dekabr, 1997. Bakı: Azərnəşr, 2004, s. 265" (PDF). 2022-07-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-04-17.
  4. "Yeni Azərbaycan Partyasının on illiyinə həsr olunmuş yubiley mərasimində YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 26 noyabr 2002-ci il". 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]